Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşayan vətəndaş Araz Adıgözəlova məxsus fərdi yaşayış evində qaz xəttində yaranan sızma ciddi narahatlıq doğurur. İddialara görə, bu ilin yanvar ayından davam edən problem aradan qaldırılmayıb və ev sakinləri aylardır qaz iyi və sızmanın səsini hiss etdiklərini bildirirlər.
Bu barədə Denmedia.az-a vətəndaş özü şikayət edib.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə "Azəriqaz" İstehsalat Birliyinə müraciət olunsa da, uzun müddət ərzində problemin həlli istiqamətində real tədbirlər görülməyib. Bu isə sakinlərin haqlı olaraq təhlükəsizliklə bağlı narahatlığını artırıb.
Ən narahatedici məqam isə budur ki, belə hallarda operativ müdaxilə həyati əhəmiyyət daşıdığı halda, vətəndaş aylarla cavab gözləməli olub. "Partlayış baş verərsə, bunun məsuliyyətini kim daşıyacaq?" sualı isə təkcə bir ailənin yoxl, oxşar problemlərlə üzləşən bütün vətəndaşların narahatlığını ifadə edir. Məsələ ilə bağlı "Azəriqaz" İB-nin Sumqayıt Regional Qaz İstismarı İdarəsindən XəzərXəbərə bildirilib ki, əraziyə gün ərzində baxış keçiriləcək və problemin qısa müddətdə aradan qaldırılması təmin olunacaq.
Nizami Rəsulov

