Nepalda Dhurbe adlı filin 14 il ərzində eyni ailəni izlədiyi iddia olunur.
Bu barədə The Kathmandu Post məlumat yayıb.
Məlumata görə, yerli sakin Şaniçara Bote 2012-ci ildə həmin filin hücumu nəticəsində atasını və anasını itirib. Ailə bundan sonra daimi qorxu içində yaşadığı üçün evini və əşyalarını sataraq başqa əraziyə köçüb.
Bote baş verənləri belə izah edib:
“Daimi qorxu bizi hər şeyi satıb Caqatpura köçməyə məcbur etdi. Böyük çayları keçəndən sonra təhlükəsiz olacağımızı düşündük. Amma bütün bu illərdən sonra həmin fil bizi yenə tapdı, evə girdi, gəlinimi və balaca nəvəmi apardı. Artıq qaçmağa yerimiz qalmayıb.”
Dhurbe adlı filin Çitvan Milli Parkında yaşadığı bildirilir. O, kəndlərə hücum etməyə 2010-cu ildən başlayıb. Fili zərərsizləşdirməyə cəhd edilsə də, hər dəfə cəngəlliyin dərinliklərinə qaçaraq izini itirib.
2019-cu ildə filin dişləri kəsilib. Onun yerini müəyyən etmək üçün bir neçə dəfə üzərinə radio siqnal ötürücüsü olan boyunluq da taxılıb.
Məlumata əsasən, Dhurbenin hücumları nəticəsində indiyədək ən azı 25 nəfər ölüb. Ölənlər arasında qoruğu mühafizə edən iki hərbçi də var.

