Sentyabrın 28-də Bostvanada turistlərin iştirakı ilə safari zamanı təhlükəli hadisə baş verib.
DenMedia.az xəbər verir ki, Daily Mail insidentin görüntülərini yayımlayıb.
Böyük Britaniya və ABŞ-dan olan turistlər bələdçilərlə birlikdə Oqavango çayının deltasında kanoe ilə üzərkən fillər sürüsünə yaxınlaşıblar. Sürüdə balaları olan dişi filin rəhbərlik etdiyi bir erkək fil turistləri təhlükə kimi qəbul edib və qəzəblə hücuma keçib.
Nəticədə dörd nəfərin olduğu iki kanoeni çevirən fil, daha sonra turistlərdən bir qadına hücum edib. Qadını xortumu ilə vurub, onu suya basaraq demək olar ki, tapdalayıb. Onun həyat yoldaşı qadını 10 saniyə suyun altında saxlayan filin uzaqlaşmasından sonra sahilə çıxarmağı bacarıb.
Hadisəni şərh edən keçmiş cənubi afrikalı reyncer bildirib ki, turistlər möcüzə nəticəsində xilas olublar və bu qarşılaşma faciə ilə bitə bilərdi. Mütəxəssislər bələdçilərin böyük səhvə yol verdiyini və ana filin balalarını qoruma instinktini düzgün qiymətləndirmədiklərini vurğulayıblar.