Argentinanın San-Xuan əyalətində yerləşən İskiqualasto Dövlət Parkı ərazisində “Bell 412” tipli helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 7 nəfər həyatını itirib.
Yerli medianın məlumatına görə, ölənlər arasında San-Xuan Mülki Müdafiə İdarəsinin rəhbəri, əyalət polis rəisinin müavini və yanğınsöndürmə xidmətinin yüksək vəzifəli əməkdaşları da var.
San-Xuan qubernatoru Marselo Orreqo sosial şəbəkədə yaydığı açıqlamada faciə ilə bağlı dərin kədərini ifadə edib və həlak olanların ailələrinə başsağlığı verib.
Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Helikopterin düşmə səbəbinin müəyyənləşdirilməsi üçün bölgədə araşdırmaya başlanılıb.

