Rusiyada aliment ödənişlərini bilərəkdən gecikdirən və ya ödəməkdən yayınan şəxslərə qarşı ciddi tədbirlər görülür. Bu məqsədlə xüsusi reyestr yaradılıb və həmin valideynlərin adları ora daxil edilir. Məsələn, gecikdirilmiş hər gün üçün 0,5 faiz məbləğində cərimə tətbiq olunur, həmçinin borclunun əmlakı, bank hesabları və digər aktivləri müsadirə edilə bilər.
Azərbaycanda da belə reyestrın yaradılmasına ehtiyac varmı?
Den.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, ölkədə belə mexanizmin tətbiq edilməsi yaxşı olardı:
“O zaman məhkəmə qətnamələri sadəcə kağız üzərində qalmaz. Lakin bəzi nüanslar nəzərə alınmalıdır. Bir sıra şəxslərin ödəniş etməyə həqiqətən imkanı çatmır. Məcburiyyət isə valideyn-övlad münasibətini uçuruma aparır. Atanın övlad qarşısında nüfuzu sarsılır, cəmiyyətdə aqressiya yaranır və sair. Ona görə də mexanizmin tətbiqi şəxsiyyətə görə dəyişməlidir. Övladına qarşı biganə, məsuliyyətsiz olan valideynlərə şamil olunmalıdır. Qanunun ədalətlilik prinsipi pozulmasın deyə yaxşı araşdırılma aparılmalıdır”.
Ellada Bayramova
Vəkil Azərbaycanda buna oxşar sistemin olduğunu xatırladıb:
“Ödənişdən yayınma halları olduqda rəsmi qaydada valideynin əməkhaqqından tutulma qərarı verilir. Belə ki, əgər valideyn alimenti ödəməkdən yayınıbsa, məsələ müvafiq rayon üzrə icra və probasiya şöbəsinə yönləndirilir. İcra həmin şəxsin əməkhaqqından 70 faiz tutulma ilə bağlı qərar verir. Bundan başqa, mülkə yönləndirmə də var. Fikrimcə, alimentə görə insanları bu qədər çətinə salmaqdansa, başqa yöndə sərtlik nümayiş etdirilməlidir”.
İqtisadçı Günay Hüseynova bildirib ki, aliment sistemi ilə bağlı köklü dəyişikliyə ehtiyac var:
Günay Hüseynova
“Əvvəlcə müəyyən işsizlik problemi həllini tapmalıdır. Bundan əlavə hər iki valideynin mümkün olduğu qədər aliment ödəməsi məqsədəuyğun olardı. Çünki tərəflər arasında yaranan mübahisənin, kişinin alimentdən yayınma səbəbi elə budur. Ümumiyyətlə, ödənilən alimentin 40-50 faizi dövlət dəstəyi əsasında illik 15 faizlə bankda saxlanılmalıdır. Həmin uşaq 18 yaşına çatanda o puldan məqsədli şəkildə istifadə etməlidir. Valideynlər ayrılanda uşaqlar bu yaşa qədər dəstəksiz qalır. Ödənişli ali təhsilə qəbul olub, maddi imkanı çatmayan nə qədər gənc var. Bəziləri iş qurmaq istəyir, amma əlində vəsait yoxdur. Bu sahədə iqtisadi islahatlar vacibdir”.