Şəhərin yolları əslində hesab edirəm ki, insanları bir nöqtədən digərinə aparan xətlər yox, cəmiyyətin vicdanını göstərən güzgüdür. Həmin güzgüdə nə görürüksə, sistemin ruhu da odur. Bu gün Sumqayıt yollarında sürücülərin hiss etdiyi qorxu da məhz bu güzgüdə əks olunan mənzərədən doğur.
Yol polisi qayda üçün var olmalıdır, qorxu üçün yox. Qanun təhlükəsizlik yaratmaq üçündür, təzyiq mexanizminə çevrilmək üçün olmamalıdır. Amma reallıqda bəzən yol kənarında dayanan patrul avtomobili nizam intizamdan çox, narahatlığın rəmzinə çevrilir. Nəzərdə tutulmayan yerlərdə qurulan reydlər, qeyri-müəyyən ittihamlar və “izahı çətin” cərimələr sürücülərin gözündə qanunun mənasını aşındırır.
Ən təhlükəli məqam isə odur ki, qanun qorxulan bir alətə çevriləndə ona hörmət yox olur. Sürücü isə cərimədən və ya “başqa cür razılaşmadan” qaçmaq üçün susur. Bu isə güc balansıdır. Gücün ədalətdən üstün tutulduğu yerdə isə cəmiyyət tədricən etibarı itirir.
Fəlsəfədə deyilir ki, dövlətin gücü vətəndaşın razılığından qidalanır. Əgər bu razılıq qorxu ilə əvəzlənirsə, sistem zahirən işləsə də, daxilən çürüməyə başlayır. Sumqayıtda Yol polisi sürücünü düşmən kimi görməməlidir, sürücü də polisi tələ kimi qəbul etməməlidir.
İnsan qanunun ədalətli olduğuna inananda ona könüllü tabe olur. Sumqayıt yollarında isə bu inam bərpa olunmasa, nə qədər reyd keçirilsə də, nə qədər protokol yazılsa da, problem həllini tapmayacaq.
Çünki yol cəmiyyətin haraya getdiyini göstərən istiqamətdir.
Nizami Rəsulov
Denmedia.az

