Çexiyada naməlum şəxs Müqəddəs Lavrenti və Müqəddəs Zdislava bazilikasına daxil olaraq təxminən 800 yaşı olan müqəddəsə məxsus kəlləni oğurlayıb. Bu barədə The Independent məlumat yayıb.
Hadisə gündüz saatlarında, bazilika ziyarətçilər üçün açıq olduğu vaxt baş verib. Polisin yaydığı müşahidə kameraları görüntülərində qara geyimli kişinin Müqəddəs Zdislavanın kəlləsini saxlandığı şüşəli relikviya qutusundan götürdüyü, onu sinəsinə sıxaraq skamyaların arasından qaçdığı görünür.
Oğurluq çərşənbə axşamı Praqadan təxminən 110 kilometr şimalda yerləşən Yablonne-v-Podyeştedidə baş verib. Relikviya şüşəli qutuda saxlanılırdı.
Müqəddəs Zdislava Lemberkska 1220-1252-ci illərdə yaşayıb və səxavəti, yoxsullara yardımı ilə tanınıb. O, 1995-ci ildə Papa II İoann Pavel tərəfindən rəsmi şəkildə müqəddəs elan edilib.
Praqa arxiyepiskopu Stanislav Pşibıl baş verənləri dəhşətli xəbər adlandırıb.
O bildirib:
Kəllə zəvvarlar tərəfindən ehtiramla ziyarət olunurdu. Kimsənin günün günorta çağı kilsədən həm tarixçilər, həm də dindarlar üçün vacib olan relikviyanı oğurlamasına inana bilmirəm.
Çexiya polisi oğrunun axtarışını davam etdirir.

