Britaniya Krallıq Ailəsindən ayrılaraq ABŞ-də yaşayan Şahzadə Harri və Meqan Markl bu dəfə siyasi rezonans doğuran humanitar səfərlə gündəmə gəlib. Sasseks cütlüyü bölgədəki toqquşmalarda yaralanan Fələstinli mülki şəxsləri ziyarət edib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, humanitar səfər çərçivəsində İordaniyaya gələn cütlük paytaxt Əmmandakı İxtisas Xəstəxanasına baş çəkib. Onlar Qəzzadan gətirilərək müalicə olunan yaralıların vəziyyəti ilə maraqlanıb, həkim və məsul şəxslərdən məlumat alıblar.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) da açıqlamasında bildirib ki, Sasseks hersoqu və hersoginyası Zaatari Qaçqın Düşərgəsini də ziyarət edib.

Açıqlamaya əsasən, cütlük düşərgədəki gənclərlə görüşüb, uşaqlarla futbol oynayıb, həmçinin incəsənət və musiqi tədbirlərində iştirak edib.

Bundan əlavə, Harri və Meqan İordaniyada həm yerli əhaliyə, həm də qaçqınlara səhiyyə xidmətlərinin göstərilməsi məsələsini müzakirə etmək üçün ÜST-yə dəstək verən ölkələrin nümayəndələri, BMT tərəfdaşları və yerli rəsmilərlə keçirilən görüşə qatılıblar.

