Sosial şəbəkələrdə yazılan mənfi şərhlər bəzən açıq təhqirlərdən belə daha ağır təsir göstərə bilər. Bunun səbəbi beynimizin sosial rədd edilməni təhlükə kimi qəbul etməsidir.
Sosial platformalar istifadəçiyə bəyənmə, diqqət və insanlarla əlaqə hissi şəklində sürətli emosional qarşılıq vermək üçün hazırlanıb. Lakin paylaşımına mənfi reaksiya alan insanlarda bu mexanizm əks istiqamətdə işləyə bilər.
Beyin mənfi şərhi sadəcə ekrandakı sözlər kimi deyil, başqaları tərəfindən qəbul edilməmək və ya cəmiyyətdən kənarlaşdırılmaq təhlükəsi kimi qiymətləndirə bilər. Bu zaman fiziki ağrı ilə əlaqəli bəzi beyin sahələrinin də aktivləşdiyi bildirilir.
Xüsusilə üstüörtülü istehza, insanın görünüşü, bacarıqları və ya şəxsiyyəti haqqında yazılan alçaldıcı ifadələr adi söyüşdən daha çox düşündürə bilər. Çünki söyüş çox vaxt ani emosional reaksiya kimi qəbul edilir, dolayı və şəxsi tənqid isə insanın beynində uzun müddət təkrarlana bilir.

Bir mənfi şərh çoxsaylı müsbət reaksiyaları kölgədə qoya bilər. Bu, beynin təhlükə və mənfi məlumatlara daha çox diqqət ayırması ilə əlaqələndirilir. Nəticədə insan həmin şərhi dəfələrlə xatırlayır, özünü sorğulayır və narahatlıq keçirir.
Mütəxəssislər sosial şəbəkələrdəki şərhləri şəxsi dəyərin göstəricisi kimi qəbul etməməyi, aqressiv istifadəçilərlə mübahisəyə girməməyi və zərurət olduqda onları bloklamağı məsləhət görürlər. Mənfi reaksiyalar gündəlik həyata və əhvali-ruhiyyəyə ciddi təsir edirsə, sosial mediadan müvəqqəti uzaqlaşmaq da faydalı ola bilər.

