Alkoqol və tütündən imtina xərçəngin qarşısının alınmasının ən təsirli yollarından biri hesab olunur.
Bu barədə RİA Novosti-yə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyindən məlumat verilib.
Təşkilatın açıqlamasına görə, xərçəngdən qorunmaq üçün ən effektiv yanaşma kompleks profilaktikadır. Buraya insan papilloma virusuna (HPV) və hepatit B-yə qarşı peyvəndlənmə, eləcə də xəstəliyin erkən mərhələdə aşkarlanması daxildir.
ÜST xatırladıb ki, ətraf mühitdə və iş yerlərində mövcud olan kanserogen maddələrin təsirinin azaldılması da xərçəng riskinin aşağı salınmasında mühüm rol oynayır.
Mütəxəssislər vurğulayırlar ki, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq durmaq, peyvəndlənmə və müntəzəm tibbi müayinələr birlikdə daha güclü qoruyucu təsir yaradır.

