ABŞ-da federal apellyasiya məhkəməsi Kenvue Inc. şirkətinə qarşı Tylenol dərmanı ilə bağlı iddiaların yenidən araşdırılmasına qərar verib.
Söhbət Kenvue-nin reseptsiz satılan ağrıkəsicisi Tylenolun hamiləlik dövründə qəbulu ilə bağlı irəli sürülən iddialardan gedir.
2023-cü ildə Manhettendə federal hakim Kenvue-yə qarşı təxminən 500 iddianın məhkəməyə göndərilməsini qadağan etmişdi. Həmin iddialarda şirkətin Tylenolun hamilə qadınlar tərəfindən qəbul edilməsi halında uşaqlarda autizm riski yarada biləcəyinə dair ehtimal olunan məlumatları gizlətdiyi bildirilirdi.
Bu iddiaların elmi əsaslı olub-olmaması əvvəllər tibb ictimaiyyətində ciddi mübahisələrə səbəb olmuşdu.
Nyu-Yorkdakı apellyasiya məhkəməsinin üç hakimdən ibarət kollegiyası bazar ertəsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Kollegiyanın fikrincə, əvvəlki məhkəmə iddiaçıların Tylenol qəbulunun uşaqlarda inkişaf pozuntuları riskini artırdığına dair arqumentlərini etibarsız elmi məlumatlara əsaslandırması barədə yanlış nəticəyə gəlib.
Apellyasiya məhkəməsi işi yenidən baxılması üçün aşağı instansiyaya göndərib.
Bloomberg yazır ki, bu qərar Kenvue üçün minlərlə yeni iddia riski yarada bilər və onların həlli şirkətə milyardlarla dollara başa gələ bilər.
Bazar ertəsi ticarət zamanı Kenvue-nin səhmləri 2 faiz ucuzlaşıb. Buna baxmayaraq, ilin əvvəlindən şirkətin səhmləri 10,7 faiz bahalaşıb.

