Bu gün Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qətliamdan 34 il keçir.
1992-ci ilin fevralında Ermənistan silahlı birləşmələri tərəfindən həyata keçirilən hücumlar nəticəsində bu yaşayış məntəqələrində 50-yə yaxın dinc azərbaycanlı amansızcasına qətlə yetirilib.
Əhalisi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri (inzibati bölgüyə görə Aşağı Quşçular, Orta Quşçular və Yuxarı Quşçular) Şuşa şəhərinə yaxın, dağlıq-yaylaq ərazidə yerləşirdi. Həmin dövrdə kəndlərdə təxminən 4 min nəfər yaşayırdı. 1988-ci ildə, Xocalıda olduğu kimi, bu kəndlərdə də Ermənistandan qovulmuş təxminən 1 500 azərbaycanlı qaçqın yerləşdirilmişdi.
Birinci Qarabağ müharibəsi başlayandan sonra Malıbəyli və Quşçular erməni silahlı birləşmələrinin əsas hədəflərindən birinə çevrilmişdi. Məqsəd Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi və ətraf kəndlərin azad olunması istiqamətində apardığı əməliyyatların qarşısını almaq idi. 1991-ci ilin oktyabrından Malıbəyli tam mühasirədə saxlanılırdı. Mühasirə şəraitində yeganə çıxış yolu hava nəqliyyatı idi. Lakin 1992-ci il yanvarın 28-də Şuşaya uçan son helikopter ermənilər tərəfindən vuruldu.
Fevralın 10-na keçən gecə erməni silahlı dəstələri zirehli texnika və ağır artilleriyadan istifadə etməklə Malıbəyliyə hücum edib. Hücumda Suriya, Livan, ABŞ və Fransadan olan erməni əsilli muzdlu döyüşçülərin də iştirak etdiyi bildirilir. Kənd sakinləri, o cümlədən qadınlar və uşaqlar Quşçular istiqamətində geri çəkilməyə məcbur olub. Yaşayış evləri yandırılıb, qaçan sakinlər təqib edilib. Kənd əhalisi səhərə qədər düşmənə qarşı qeyri-bərabər mübarizə aparıb.
Qeyd olunur ki, Malıbəyli və Quşçular ATƏT-in Qarabağda yerləşdiyi sülhməramlı missiya dövründə işğal edilib. Bu kəndlərin işğalı ilə Şuşa və Xocalı şəhərləri tam blokadaya alınıb.
Sonrakı dövrlərdə Qaradağlı, Ağdaban qətliamları, eləcə də Xocalı soyqırımı törədilib. Bu cinayətlərin qurbanı yüzlərlə dinc azərbaycanlı olub. Malıbəyli və Quşçular faciəsi azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilmiş sistemli zorakılıq siyasətinin ağır səhifələrindən biri kimi tarixdə qalır.

