Çexiya Prezidenti Petr Pavel alyansın şərq cinahında baş verən insidentlərə cavab olaraq NATO ölkələrini Rusiyaya “diş göstərməyə” çağırıb və mümkün tədbirlərdən biri kimi internetin kəsilməsini istisna etməyib. O, bu barədə The Guardian-a müsahibəsində bildirib.
Pavel NATO-nun “şərq sərhədindəki təxribatlara” cavab olaraq “kifayət qədər qəti, bəlkə də hətta asimmetrik” addımlar atmasının vacibliyini deyib. Onun sözlərinə görə, əks halda Moskva təzyiqi artıra bilər.
Çexiya prezidenti həmçinin bildirib ki, NATO “insan ölümü ilə nəticələnməyən”, lakin eyni zamanda Rusiyanı siyasətinə yenidən baxmağa məcbur edəcək qədər “həssas” asimmetrik tədbirləri nəzərdən keçirməlidir. Mümkün addımlar sırasında o, internetin və peyklərin söndürülməsini, həmçinin bankların qlobal maliyyə sistemlərindən çıxarılmasını qeyd edib.
Pavel vurğulayıb ki, bu cür tədbirlər Rusiyanı danışıqlara məcbur etməlidir. Onun sözlərinə görə, Rusiya sanksiyaların ləğvində və Avropa təhlükəsizliyinin yeni arxitekturasının müzakirəsində maraqlıdır.

