Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Tərlan Rzayevin 25 yaşına həsr olunmuş anım tədbiri keçirilib.
Denmedia.az xəbər verir ki, tədbir Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Sarayında baş tutub.
Anım mərasimində şəhid ailələri, qazilər, məktəb kollektivi, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Tədbir Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbin təşkilatçılığı ilə reallaşdırılıb.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra şəhid Tərlan Rzayevin həyat və döyüş yolundan bəhs edən çıxışlar edilib, onun Vətən sevgisindən, qəhrəmanlığından danışılıb.
Çıxış edənlər bildiriblər ki, şəhidlər Azərbaycanın qürur mənbəyidir və onların xatirəsi hər zaman xalqın yaddaşında yaşayacaq. Qeyd olunub ki, gənc nəslin vətənpərvər ruhda formalaşmasında şəhidlərin keçdiyi şərəfli ömür yolu böyük örnəkdir.
Tədbir çərçivəsində məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi kompozisiyaları təqdim olunub. Şəhidin həyatını əks etdirən videoçarx nümayiş etdirilərək iştirakçılara duyğulu anlar yaşadıb.
Sonda şəhid Tərlan Rzayevin ailəsinə dərin ehtiram ifadə olunub, onun əziz xatirəsinin daim yaşayacağı vurğulanıb.
“Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə keçirilən tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Tərlan Rzayev 2001-ci il mayın 21-də Sumqayıt şəhərində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Tərlan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Rzayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tərlan Rzayev ölümündən sonra "Vətən uğrunda" "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Denmedia.az