Braziliyada prezident seçkilərində məğlub olduqdan sonra ABŞ-a gedən Flavio Bolsonaro özünü ölkənin qanuni seçilmiş prezidenti elan edib.
“Folha de S.Paulo” qəzetinin məlumatına görə, keçmiş prezident Jair Bolsonaronun oğlu bu barədə Braziliya xalqına və beynəlxalq ictimaiyyətə ünvanladığı məktubda bildirib.
Bolsonaro müraciətində Prezident Lula da Silvanın hökumətini “rejim” adlandırıb və ölkəsinin məhkəmə sistemi tərəfindən təqiblərə məruz qaldığını iddia edib.
ABŞ-a Argentina hökumətinin dəstəklədiyi gizli əməliyyatdan sonra çatdığını bildirən senator Argentina Prezidenti Xavyer Mileyə və ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
O, bundan sonra Braziliya hökumətinə qarşı müxalif fəaliyyətini xaricdən təşkil etmək niyyətində olduğunu açıqlayıb.
Bolsonaro yaxın günlərdə tərəfdarlarının dinc və qanuni yollarla səfərbər olunmasına dair strategiyasını təqdim edəcəyini bildirib.
Senator oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turunda saxtakarlığa yol verildiyini də iddia edib. Lakin bu ittihamları təsdiqləyən sübut təqdim etməyib.
Qeyd edək ki, Flavio Bolsonaro seçkilərdə hazırkı Prezident Lula da Silvaya məğlub olub.
Məlumata görə, məktubun ilkin variantında Bolsonaro özünü “Braziliyanın həqiqi seçilmiş prezidenti” adlandırsa da, sonradan yayılan versiyada bu ifadə “Braziliyanın lideri” ilə əvəzlənib.

