Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Nikolay Bordyuja Ermənistanın təşkilatdan çıxarılmasını təklif edib.
O, bu barədə RİA Novosti agentliyinə müsahibəsində danışıb.
Bordyuja bildirib ki, Ermənistan KTMT-nin fəaliyyətində iştirak etməsə də, hələ də təşkilatın tamhüquqlu üzvü olaraq qalır. Bu səbəbdən qurum daxilində qəbul edilən qərarların İrəvanla razılaşdırılması tələb olunur.
Keçmiş baş katibin fikrincə, Ermənistanın hazırkı mövqeyi təşkilatın fəaliyyət prinsipləri ilə ziddiyyət təşkil edir.
“Üzvlük haqqı ödəmirlər, fəaliyyətdə iştirak etmirlər. Əgər ciddi tərəfdaşdırlarsa, sadəcə təşkilatdan çıxmalıdırlar. Amma ikili mövqe tuturlar: nə çıxırlar, nə işləyirlər, nə də iştirak etmək istəyirlər. Belə olan halda onları təşkilatdan xaric etmək lazımdır”, – deyə Bordyuja bildirib.
Qeyd edək ki, noyabrın 11-də Moskvada KTMT-nin növbəti sammiti keçiriləcək.
Təşkilatın hazırkı baş katibi Taalatbek Masadıkov sammitdə Ermənistanın üzvlüyü məsələsinin müzakirəyə çıxarıla biləcəyini istisna etməyib.

