Bakıda həyat yoldaşına ağır xəsarət yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı Çindən ölkəyə ekstradisiya edilib.
Ədliyyə Nazirliyinin məlumatına görə, Rüstəm İbrahimov 2025-ci ildə Bakıda ailədaxili mübahisə zamanı həyat yoldaşının sağlamlığına qəsdən ağır zərər vurmaqda təqsirləndirilir.
Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunan şəxs beynəlxalq axtarışa verilib və daha sonra Çin ərazisində saxlanılıb.
İki ölkə arasında qüvvədə olan ekstradisiya müqaviləsinə əsasən, onun Azərbaycana təhvil verilməsi təmin olunub.
Oktyabrın 28-də Rüstəm İbrahimov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin əməkdaşlarının müşayiəti ilə Azərbaycana gətirilib.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

