ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya ilə Ukrayna arasında humanitar məqsədli müvəqqəti atəşkəsin qüvvəyə mindiyini açıqlayıb.
Melaniya Tramp sosial şəbəkə hesabında bildirib ki, atəşkəs oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan tətbiq olunmağa başlayıb.
Razılaşma Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərinə və ətraf ərazilərə humanitar yardımın çatdırılmasını, həmçinin mülki şəxslərin təhlükəsiz təxliyəsini təmin etmək məqsədi daşıyır.
ABŞ-ın birinci xanımının sözlərinə görə, atəşkəsin tətbiq ediləcəyi ərazi humanitar yardım karvanlarının təhlükəsiz keçidi üçün Oleşki şəhərinin hüdudlarından kənara da genişləndirilib.
Melaniya Tramp Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun da razılaşmanın həyata keçirilməsini təsdiqlədiyini bildirib.
Ağ Ev daha əvvəl atəşkəsin oktyabrın 29-da başlayacağını açıqlamışdı. Lakin sonradan humanitar yardımların daha tez çatdırılması üçün tarix iki gün əvvələ çəkilib.
Qeyd edək ki, bu, Rusiya ilə Ukrayna arasında ümumi atəşkəs deyil. Razılaşma yalnız müəyyən edilmiş ərazidə hərbi əməliyyatların müvəqqəti dayandırılmasını nəzərdə tutur.

