Uşaqların telefon və planşet qarşısında uzun müddət keçirməsi dişlərin və çənənin inkişafına dolayı yolla təsir göstərə bilər.
Bu barədə ortodont, tibb elmləri namizədi Andrey Juk “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, dişlərin düzgün düzülüşünün pozulmasına birbaşa telefon deyil, ondan istifadə zamanı formalaşan bəzi vərdişlər təsir edə bilər.
Uşağın saatlarla başını aşağı əyərək ekrana baxması boyun və çeynəmə əzələlərinin fəaliyyətini dəyişə bilər. Lakin mütəxəssis bunun dişlərin əyriliyinə birbaşa səbəb olduğunun sübut edilmədiyini vurğulayıb.

“Əsas diqqət yetirilməli məsələlərdən biri uşağın necə nəfəs alması və dilinin ağız boşluğunda hansı vəziyyətdə olmasıdır”, – deyə ortodont bildirib.
Onun sözlərinə görə, burun tutulması, allergiya və ya adenoidlərin böyüməsi səbəbindən daim ağızla nəfəs almaq diş-çənə sisteminin formalaşmasına təsir göstərə bilər.
Mütəxəssis uşaqların fiziki fəallığının azalmasını da problem hesab edir. Saatlarla eyni vəziyyətdə oturmaq, az hərəkət etmək və kifayət qədər çeynəmə tələb etməyən yumşaq qidalara üstünlük vermək çeynəmə aparatının təbii inkişafı baxımından arzuolunmazdır.
“Telefonları təhlükə mənbəyi kimi göstərmək düzgün deyil. Əsas məsələ uşağın ümumi həyat tərzi, hərəkətliliyi, yuxusu, nəfəsalma və qidalanma vərdişləridir”, – deyə həkim bildirib.

