Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik etdi.
Təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident!
Əziz qardaşım!
Qardaş Türkiyə Respublikasının milli bayramı – 29 Oktyabr – Respublika Günü münasibətilə Sizə və bütün Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan və Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır. 2021-ci ildə Sizinlə imzaladığımız Şuşa Bəyannaməsi sayəsində ölkələrimiz arasındakı münasibətlər ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksələrək keyfiyyətcə yeni məzmun və mahiyyət qazandı.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına və onun xalqına isə daim sülh və firavanlıq arzulayıram”.

