Nigeriyanın Taraba ştatında silahlı dəstə üzvlərinin kənd sakinlərinə hücumu nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
Ölkənin Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) ştat üzrə rəhbəri Ladan Ayuba bildirib ki, oktyabrın 23-də Binnari kəndində baş verən hücum zamanı daha 52 nəfər yaralanıb. Hadisə səbəbindən yüzlərlə sakin yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.
Silahlı şəxslər cümə namazı üçün toplaşan insanlara atəş açıblar. Hücumdan sonra yayılan ilkin məlumatlarda 10 nəfərin öldüyü bildirilmişdi.
Taraba polisinin sözçüsü Viktor Mşelizah axtarış və araşdırma işlərinin davam etdiyini, ölənlərin sayının arta biləcəyini açıqlayıb.
“Əməkdaşlarımız hələ də hadisə yerindədir. Yeni meyitlər aşkarlandıqca onlar da ölənlərin sayına əlavə ediləcək”, – deyə o bildirib.
Qeyd edək ki, Nigeriya ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən silahlı dəstələrin, həmçinin “Boko Haram” və ISWAP terror təşkilatlarının hücumları ilə mübarizə aparır.

