Türk pop musiqisinin əfsanəvi simalarından Sezen Aksu illərdir davam etdirdiyi mənalı ənənəyə daha bir təşəbbüs əlavə edib.
Sənətçi yaxın dostları Özkan Uğur və Sırrı Süreyya Öndərin xatirəsini yaşatmaq məqsədilə TEMA Fondu vasitəsilə onların adına ümumilikdə 10 min ting bağışlayıb.
Bağış çərçivəsində 2023-cü ildə vəfat edən MFÖ qrupunun sevilən üzvü Özkan Uğurun adına Konyadakı Soğucak Xatirə Meşəsində 5 min ting əkilib.
2025-ci ildə həyatını itirən yazıçı, rejissor və siyasətçi Sırrı Süreyya Öndərin adına isə Qaziantepdəki Yeniceli Xatirə Meşəsində 5 min ting torpağa basdırılıb.
Özkan Uğurla uzun illərin dostluğu

Sezen Aksu ilə Özkan Uğurun dostluğu uzun illərə dayanırdı. Eyni dövrdə Türkiyə musiqisində iz qoyan iki sənətçi müxtəlif layihə və tədbirlərdə birlikdə iştirak etmişdi.
Aksunun Özkan Uğurun xəstəliyi dövründə də onun yanında olduğu bildirilir. Sənətçi Uğurun vəfatından sonra keçirdiyi dərin kədəri sosial şəbəkələrdəki paylaşımlarında ifadə etmişdi.
Sırrı Süreyya Öndərin xatirəsini də yaşatdı

Sezen Aksunun adına ting bağışladığı digər şəxs Sırrı Süreyya Öndər olub. Onların da uzun illərə söykənən səmimi dostluq münasibətləri var idi.
İkili incəsənət və ədəbiyyat başda olmaqla bir sıra tədbirlərdə birlikdə iştirak etmişdi. Öndərin vəfatından sonra edilən bu bağış onların dostluğunun xatirəsinə həsr olunub.
60 min tinglik vəfa
Sezen Aksunun dostlarının xatirəsini təbiətdə yaşatmaq təşəbbüsü ilk deyil.
Sənətçi daha əvvəl Onno Tunç, Uzay Heparı, Aysel Gürel, Adile Naşit, Meral Oktay, Atilla Özdemiroğlu, Oğuz Aral, Şerif Yüzbaşıoğlu, Yaşar Gaga, Egemen Bostancı və Pakize Suda adına xatirə meşələrinin yaradılmasına töhfə verib.
Son bağışlarla birlikdə Sezen Aksunun vəfat edən dostlarının xatirəsinə bağışladığı tinglərin ümumi sayı 60 minə çatıb.

