Abşeron rayonunda şəhidlərimizin məzarları və ailə üzvləri ziyarət olunub.
“Den.az” xəbər verir ki, anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-in məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.
Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Vidadi Zalovun anım mərasimində, şəhid Hətəmxan Quliyevin, şəhid Səxavət Abbasovun, şəhid Rəşad Mehdiyevin doğum günlərində, şəhid Ruhin Xəlilovun övladı Melisa Xəlilovanın, Vətən Müharibəsi qəhrəmanı Veysəl Musibovun anası Səməngül Musibovanın, şəhid Nurlan Ağakişiyevin anası Pərvanə Ağakişiyevanın, şəhid Vüsal Musayevin anası Vüsalə Musayevanın, şəhid Əli Ələkbərovun anası Rəna Bağırovanın, şəhid Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədovanın, Vətən Müharibəsi qəhrəmanı Elbrus Bayramovun övladı Xəyyam Bayramzadənin doğum günlərində, eləcə də şəhid Zaur Dövlətovun qardaşı Elnur Dövlətovun nişan məclisi zamanı ailələri ziyarət olunub, şəhidlərimizin məzarları üzərinə çiçəklər düzülərək xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Şəhidlərimizin əvvəllər yaşadıqları evlərinə baş çəkilib, onların ailə üzvləri ilə görüşülərək qayğıları ilə maraqlanılıb.
Şəhid Səxavət Abbasovun doğum günü Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə, eləcə də şəhid ailələri ilə görüşlərdə RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə Azərbaycan xalqı düşmən üzərində şanlı qələbə qazanaraq ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. İşğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayan RİH başçısı qeyd edib ki, ordumuzun gücü və qüdrəti artıq bütün dünyaya bəllidir və o, istənilən təxribatın qarşısını yerindəcə almağa qadirdir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Abşeron Rayon Mərkəzi Xəstəxananın direktoru Səkinə Sadıxova Abşeron Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə alan şəhid ailə üzvlərini və qaziləri ziyarət edib. Həmçinin Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı, Mərkəzi Xəstəxananın Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Təhminə Vəliyevanı doğum günü münasibətilə təbrik edib.
Həmçinin Vətən müharibəsi şəhidi Rüfət Şabanovun anası Kifayət Şabanovanın yas mərasimində Abşeron RİH-in məsul əməkdaşları iştirak edib.















