Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid anası Xatirə İsmayılova Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Denmedia.az xəbər verir ki, təbrikdə Abşeron rayonunun şəhid ailələri – Vətən uğrunda övladlarını torpağa tapşırmış analar, atalar və şəhid əmanətləri adından dövlət başçısına səmimi arzular ünvanlanıb.
Bildirilib ki, bu təbrik bir millətin taleyinə imza atan, xalqın yarımçıq qalan arzularını Zəfərlə tamamlayan liderə və şəhid analarının göz yaşını qürura çevirən Ali Baş Komandana duyulan minnətdarlığın ifadəsidir.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm, əzəmətli və müzəffər bir dövlət kimi inkişaf edir, dövlətçilik və müstəqillik ideyaları real nəticələrə çevrilir. Vurğulanıb ki, 2020-ci ildə qazanılan tarixi Qələbə Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin və uzaqgörənliyinin bariz nümunəsidir.
Təbrikdə həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin yeni yollar, yeni şəhərlər və yeni həyatla yazılan dövlətçilik salnaməsi olduğu diqqətə çatdırılıb. Azərbaycanın bu gün beynəlxalq arenada mövqeyi ilə hesablaşılan, liderinə güvənilən bir dövlətə çevrildiyi bildirilib.
Şəhid ailələrinə göstərilən diqqət və qayğının mənəvi ədalətin təcəssümü olduğu vurğulanaraq qeyd edilib ki, Prezident İlham Əliyev şəhid adını siyasətin deyil, vicdanın ən ali zirvəsinə ucaldıb.
Təbrikin sonunda Prezident İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan xalqına rəhbərlik etdiyi şərəfli yolda yeni uğurlar arzulanıb, şəhid ailələrinin daim dövlət başçısının yanında olduğu bildirilib.

