12 
fev
2024
21:55
126

Xroniki yorğunluqdan qurtulmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

12 fev, 2024
21:55
126

Xroniki yorğunluqdan qurtulmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Müasir dövrün ən məşhur patologiyalarından biri uzun istirahətdən sonra keçməyən, insanı passivləşdirən xroniki yorğunluk sindromudur. 6 aydan çox davam edən tez yorulma, yuxu, konsentrasiya problemləri, baş gicəllənməsi, huşunu itirmə hissi, depressiya və gecə tərləmələrinin bir yerdə olması xroniki yorğunluq sindromundan xəbər verir.

Terapevt Dr. Sübhan Hacıyev “Den.az”a açıqlamasında mövzu ilə bağlı əhatəli məlumat verib. O qeyd edib ki, xroniki yorğunluq sindromu dövrümüzün ən çox yayılmış xəstəliklərindən birinə çevrilib: “Nə yazıq ki, artıq yaşlı nəsildən çox gənc nəslimiz də bu cür simptomlarla bizə müraciət edirlər. Şikayətlər daha çox baş ağrısı, başgicəllənmə, halsızlıq, yorğunluq, apatiya, depressiv hallar, yuxudan doymamaq hissi, hər hansı bir işə konsentrasiyanın və diqqətin azalması və heç bir iş görməyə həvəsin olmaması ilə özünü büruzə verir. Bu cür pasientlərdən analiz topladıqda məlum olur ki, psixoemosional gərginlikləri aşırı dərəcədə olur. Bir çoxlarının işində olan stresi evinə daşıması və yaxud evdə olan hər hansı problemləri işinə daşıması və beyində daim eyni fikirlərin saxlanılması bu vəziyyətlərə gətirib çıxarmış olur. Əsəb, stress, psixoemosional gərginlikdən savayı bir çox makro və mikroelementlərin, xüsusilə də dəmir, sink, selen, D və B12 kimi vitaminlərin çatışmazlığında da bu simptomlar yaşana bilir”.

Terapevt qeyd edib ki, bir çox insan müntəzəm qidalanmadığı, xüsusilə də bir çox vitaminləri, mineralları ehtiva edən qidalarla bəslənmədiyi, düzgün yuxu rejimi olmadığı sürəcə bu problemlərlə qarşılaşır: “Axşam saat 10-dan gecə 3-dək epifiz vəzimizin ifraz etdiyi melatonin hormonu sonrakı gündə bizim gümrah olmağımızı təmin edən əsas hormondur. Gec yatmalar bu hormonun ifraz olunmasının qarşısını alır, insanlar yuxudan doymama hissi ilə oyanır və zamanla aqressiya yaranır. Bütün bu sadalananlar bir-iki günün problemi deyil, həftələrlə, aylarla yığılıb qalmış qeyri-müntəzəmliyin təzahürüdür. Nəticədə xroniki yorğunluq sindromu dediyimiz şikayətlə insanlar həkimə müraciət edirlər”.

Sübhan Hacıyevin sözlərinə görə, bu cür pasientlər doğru hədəfə yönəlik müalicə edildikdə sağalmış olurlar: “Lakin pasientlərimizə hər zaman bu cür xəstəliklərdən qorunmaq üçün bir çox tövsiyələrimiz olur. Bu tövsiyələr sırasına gün ərzində 3-4 dəfə lazımi bütün vitaminləri, mineralları ehtiva edən qidalardan, mövsümi meyvələrdən istifadə etmək, bol su tükətmək, düzgün yuxu rejiminə riayət etmək, gün ərzində ən azı bir saat idman etmək daxildir. Günün müxtəlif saatlarında sevilən işlərlə məşğul olmaq da xoşbəxtlik hormonlarının artmasına gətirib çıxaracaq. Belə kompleks yanaşma nəticəsində insanlar xroniki yorğunluq sindromundan qurtulmuş ola bilərlər”.

Günəş Fərəh,
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar