Əfqanıstan və Pakistan arasında son günlər artan gərginlik daha da dərinləşib.
Reuters xəbər verir ki, Taliban administrasiyası Pakistan ərazisində DEAŞ-a aid olduğu bildirilən hədəflərə hava zərbələri endirdiyini açıqlayıb.
Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr Pakistanın Bəlucistan əyalətində yerləşən Saranan qəsəbəsindəki obyektlərə, eləcə də Hayber Paxtunxva əyalətindəki bəzi nöqtələrə yönəldilib. Bildirilib ki, əməliyyat sərhəd xəttində fəaliyyət göstərdiyi iddia olunan DEAŞ ünsürlərinə qarşı keçirilib.
Pakistan tərəfi isə hücumla bağlı fərqli açıqlama verib. Pakistan Silahlı Qüvvələrinin məlumatına görə, Bəlucistan bölgəsində hava hücumundan müdafiə sistemləri tərəfindən 4 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Bəlucistandakı yerli rəsmilər də hadisəni təsdiqləyiblər. Onların sözlərinə görə, vurulan PUA-lardan biri Saranan qəsəbəsində məktəb yaxınlığına düşüb. Hadisə nəticəsində 2 nəfər yaralanıb.
İki ölkə arasında gərginlik ötən həftə Pakistanın Əfqanıstanın şərqinə endirdiyi hava zərbələrindən sonra yenidən artmışdı. BMT-nin Əfqanıstandakı missiyasının məlumatına görə, həmin hücumlarda azı 28 mülki şəxs həlak olub, 49 nəfər yaralanıb.
Pakistan Kabulu öz ərazisində hücumlar planlaşdıran silahlı qruplara sığınacaq verməkdə ittiham edir. Taliban administrasiyası isə bu ittihamları rədd edir.
Sərhəd xəttində baş verən son hadisələr Əfqanıstan və Pakistan arasında təhlükəsizlik böhranının daha da dərinləşə biləcəyini göstərir.

