Pakistanın müdafiə naziri Xavaca Asif Talibanı Əfqanıstandan terror ixrac etməkdə ittiham edib və açıq müharibənin başladığını bəyan edib. Bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Nazirin sözlərinə görə:
“Taliban Əfqanıstanı Hindistanın koloniyasına çevirib. Onlar dünyanın hər yerindən terrorçuları Əfqanıstanda toplayaraq terror ixracına başlayıblar… Taliban Hindistanın proksisinə çevrilib… Səbrimiz tükəndi. Artıq açıq müharibə başlayıb.”
Bundan əvvəl Əfqanıstan Silahlı Qüvvələri Pakistanın bombardmanlarına cavab olaraq ölkələri ayıran Dürrand xətti boyunca Pakistan qüvvələrinin mərkəz və obyektlərinə qarşı genişmiqyaslı hücum əməliyyatlarına başladıqlarını açıqlamışdı. Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsinə görə, əməliyyat Xost, Paktiya, Nuristan və bir neçə digər bölgədə müxtəlif istiqamətlərdən başlayıb.
İslamabad isə sərhəddə baş verən toqquşmalarda 133 əfqan hərbçinin öldüyünü, 200-dən çoxunun yaralandığını bildirib. Eyni zamanda Əfqanıstan rəsmilərinin məlumatına görə, Pakistan Kabul, Qəndəhar və Paktiya vilayətlərində bir sıra ərazilərə aviazərbələr endirib.
Münasibətlərin kəskinləşməsi
İslamabad və Kabul arasında vəziyyət 9 oktyabr gecəsi Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstan paytaxtına endirdiyi zərbələrdən sonra gərginləşib. Bəzi məlumatlara görə, həmin hücum zamanı Pakistan Talibanının üç rəhbəri zərərsizləşdirilib, həmçinin Paktika vilayətində çoxsaylı ticarət obyektləri dağıdılıb.
Bundan sonra Əfqanıstan Müdafiə Nazirliyi “qisas əməliyyatı” keçirdiyini açıqlayıb və iki ölkə sərhədində döyüşlər başlayıb. Toqquşmalar 15 oktyabra qədər davam edib. Həmin tarixdə tərəflər müvəqqəti atəşkəs barədə razılığa gəlib və sərhəddə sülhün təmin olunması üçün danışıqlara başlayıblar.
Bundan əlavə, Pakistan ərazisində baş verən bir sıra terror aktlarına görə İslamabad üsyançı TTP hərəkatını ittiham edib. Kabul isə bu qruplaşmanın Əfqanıstan ərazisində yerləşmədiyini və onunla mübarizənin Pakistanın daxili işi olduğunu bəyan edib.

