Azərbaycan gəncləri arasında sağlam həyat tərzinin və vətənpərvərlik ruhunun təbliği məqsədilə Ciyutaido idman növü üzrə seminar və kəmər imtahanı uğurla təşkil olunub.
DenMedia.az xəbər verir ki, tədbirdə 120-yə yaxın idmançı iştirak edib.
Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə Ciyutaido idman növünün təsisçisi və sədri Teyub Əzizov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Orxan Sultanov, sədr müavini Faiq Xosrovlu, əməkdar məşqçi Zeynal Zeynalov, eləcə də Yeni Azərbaycan Partiyasının nümayəndəsi və digər qonaqlar iştirak ediblər.
Seminarın rəsmi hissəsində çıxış edən sədr müavini Faiq Xosrovlu tədbir iştirakçılarını salamlayaraq seminarın məqsədi və proqramı barədə geniş məlumat verib. Daha sonra söz alan Teyub Əzizov Ciyutaido idman növünün yaranma tarixi, fəlsəfəsi və Azərbaycanda inkişaf perspektivləri haqqında danışıb. O, gənc idmançılara nizam-intizam, əxlaq və vətənpərvərlik prinsiplərinə sadiq qalmağı tövsiyə edib:
> “Ciyutaido təkcə döyüş növü deyil, həm də milli-mənəvi dəyərlər üzərində qurulmuş həyat məktəbidir.” – deyə Teyub Əzizov bildirib.
Daha sonra Orxan Sultanov, Zeynal Zeynalov və digər qonaqlar çıxış edərək idmançıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Seminarın sonunda idmançılar arasında kəmər imtahanı keçirilib. Uğurla nəticə göstərən iştirakçılara müvafiq dərəcələr və sertifikatlar təqdim olunub.
Ciyutaido təşkilatının əsas məqsədi – bu idman növünü Azərbaycan gəncləri arasında geniş yaymaq, sağlam həyat tərzini təbliğ etmək və milli ruhda, vətənpərvərlik dəyərləri ilə yetişən gənclərin formalaşmasına töhfə verməkdir.
Bu tədbir bir daha sübut etdi ki, Ciyutaido sadəcə idman deyil – milli ruhun, gücün və əxlaqın simvoludur.





Ellada Rəsul
DenMedia.az

