ABŞ-ın İsraili “sakitləşdirmək” cəhdi fonunda Suriyada yeni antiterror əməliyyatlarına icazə axtarması, həm də Fələstin təşkilatlarına, xüsusilə HƏMAS-a qarşı qadağaların tətbiq edilməsini istəməsi, əslində çoxqatlı bir geosiyasi oyunun başlanğıc siqnalıdır. Bu, həm ABŞ-ın daxili və xarici siyasətdə təzyiqləri balanslaşdırmaq cəhdi, həm də Yaxın Şərqdə mövqelərini itirməmək üçün atılmış strateji addımdır.
Bunu Den.az-a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyir ki, Vaşinqton üçün bu planın məqsədi təkcə İsrailin bölgədəki aqressiv siyasətini nəzarətdə saxlamaq deyil, eyni zamanda Suriya üzərindən regional təsir imkanlarını genişləndirməkdir. ABŞ administrasiyası hazırda İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar səbəbilə beynəlxalq təzyiqlərlə üz-üzədir və Suriyada mümkün hərbi fəallıq, diqqəti Qəzzadan yayındırmaq üçün istifadə oluna bilər.
Burada maraqlı məqamlardan biri də hazırda keçid hökumətinin başında dayanan və Ankara ilə yaxınlığı ilə tanınan Əhməd Əşşəranın vəziyyətidir. Onun qərarı bu planın həyata keçməsində həlledici ola bilər. Əgər o, Vaşinqtonun təkliflərini qəbul edərsə, bölgədə yeni bir eskalasiya dalğası başlaya bilər. Yox əgər tərəfsiz mövqe tutsa, ABŞ üçün plan B tapmaq qaçılmaz olacaq.
Rusiya tərəfindən gələn açıqlama isə regiondakı digər güc mərkəzlərinin də bu oyunda fəal iştirakçı olduğunu göstərir. Moskvanın sanksiyaların ləğvinə qarşı çıxmaması, əslində Suriyada status-kvonun qorunmasına maraqlı olduğunu ortaya qoyur. Bu isə Vaşinqtonun hərbi planlarını çətinləşdirə və diplomatik meydanda ABŞ-a qarşı əlavə təzyiqlər yarada bilər.
Nəticə və perspektivlərə gəlincə isə Xəyal Bəşirov hesab edir ki, bu siyasi şahmatda hər bir fiqur diqqətlə seçilir. ABŞ-ın bu yeni təklifi həm regional sabitliyi təhlükə altına ata, həm də Suriyada yeni qarşıdurmaların qapısını aça bilər. Əgər Əhməd Əşşəra ABŞ-a yaşıl işıq yandırsa, Suriyada əməliyyatlar başlayacaq və bu, həm İran, həm də Rusiya ilə yeni gərginlik dalğasına səbəb ola bilər. Paralel olaraq, HƏMAS-a qarşı qadağalar Qəzza məsələsini daha da alovlandıra bilər və bu, İsraili daha da aqressiv addımlara sövq edə bilər.
Yekun olaraq, bu addımlar ABŞ-ın Yaxın Şərqdə nüfuzunu yenidən formalaşdırmaq cəhdidir. Amma nəticələr nə qədər uğurlu olacaq – bu, birbaşa Əhməd Əşşəra, Rusiya və regiondakı digər oyunçuların atacağı addımlardan asılı olacaq. Gözlər indi Dəməşq və Ankaraya yönəlib.
Ellada Rəsul
Den.az