ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna sosial şəbəkə X-də Dövlət Departamentinə çağırış edərək, Əfqanıstandan xüsusi viza ilə gətirilmiş şəxslərin təcili şəkildə yenidən yoxlanmasını tələb edib. O, bu vizaların Bayden administrasiyasının “bacarıqsız və tələsik” qoşun çıxarışı zamanı verildiyini bildirib.
Luna sərt ifadələrlə sual qaldırıb:
“Niyə Bayden administrasiyası minlərlə hərbi yaşda olan kişinin tələsik yoxlanmasına razı oldu?”
Bu çağırışın səbəbi Vaşinqtonda baş vermiş atışmadır. İlkin məlumatlara görə, saxlanılan şəxs — 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanullah Lakanvala — ABŞ-a dörd il əvvəl gəlib və hücum zamanı tək hərəkət edib.

