Ağ Evin yaxınlığında atışma törədən şəxs haqqında yeni məlumatlar açıqlanıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr CBS-ə bildiriblər ki, şübhəli şəxs ilkin məlumatlara görə, Əfqanıstan vətəndaşıdır.
Məlumata əsasən, 29 yaşlı Rəhmanulla Lakanvala dörd il əvvəl ABŞ-a gəlib. O, hadisə zamanı tək hərəkət edib və əlində tapança olub.
Atışma 26 noyabrda, yerli vaxtla saat 14:20-də, “Farragut West” metro stansiyasının yaxınlığında — Ağ Evdən cəmi bir neçə kvartal aralı — baş verib.
Hadisədən sonra Ağ Ev dərhal izolasiya rejiminə keçirilib. ABŞ prezidenti Donald Tramp bildirib ki, şübhəli ağır yaralanıb və “çox yüksək qiymət ödəyəcək”. O, baş verənlərdən sonra paytaxta əlavə 500 nəfər Milli Qvardiya əməkdaşının cəlb olunmasını istəyib.

