Türkiyəli sənət tarixçisi Ayhan Çakmurun son proqnozu təəccüb doğurub. O bildirib ki, 5 ildən sonra bu dünya son 2 min ildəki dünyaya heç bənzəməyəcək.
Sitat: “Oksigeni azaltmaq üçün dünyanın hər yerində bilərəkdən meşə yanğınları yaradılır, min illərdir savaşlarda insanları öldürürlər. Yer kürəsini dağıdan kimdir? İnsanlar. Dünyada insan olmasa, qalan 1,8 milyon canlı planeti onsuz da gözəlləşdirəcək. Yəni əsas təhlükə birbaşa insanlardır. Artıq onları robotlar, süni intellekt əvəz edəcək. Proses buna doğru irəliləyir”.
Bu, nə dərəcədə inandırıcıdır?
DenMedia.az xəbər verir ki, bu barədə danışan sosioloq Mail Yaqub bu cür proqnozların elmi əsası yoxdur:
“5-10 ildən sonra Yer kürəsində fundamental dəyişikliklərin baş verəcəyi, həyatın tamamilə fərqli olacağı barədə fikirlər səsləndirilir. Lakin bu kimi pafoslu proqnozlar məqbul deyil və elmi əsaslara söykənmir. Bəzi qruplar dünya əhalisinin azalmasına ehtiyac olduğu barədə danışırlar. Cəmi 120 il əvvəl, yəni XX əsrin əvvəlində əhali sayı iki milyard idi, indi bu rəqəm dörd dəfə artıb. Mövcud tendensiya davam edərsə, 100 il sonra dünya əhalisinin 31-32 milyarda çatacağı proqnozlaşdırılır, bu da çox böyük rəqəmdir. Artıq su qıtlığı, qida təminatı, iş yerləri kimi məsələlərlə bağlı gələcək risklər də gündəmdədir. Bu kontekstdə dünya əhalisinin artımının azaldılması üçün müxtəlif tədbirlərin görüldüyü iddia olunur. Təəssüf ki, bu tədbirlərdən biri kimi homoseksuallığın geniş təbliğini göstərmək olar. Məqsəd isə nikah və doğum göstəricilərinin azalmasıdır. Bu, faktdır”.

Mail Yaqub
Sosioloq bildirib ki, Rusiyada əhalinin sayı hər il təxminən 800 min nəfər azalır:
“Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyətində də əhali artımı yoxdur və azalma tendensiyası müşahidə olunur. Əgər belə davam etsə, 100 ildən sonra əhalinin sayının sabit səviyyədə qala biləcəyi ehtimal olunur. Hindistanda və müəyyən qədər Çində artım mövcuddur. Lakin ümumilikdə dünya üzrə artım sanki nəzarət altındadır. Hətta ənənəvi və konservativ ölkələrdə belə əhali artımı prosesi artıq ciddi şəkildə dayandırılıb”.
Psixoloq Zeynəb Əyyubovanın sözlərinə görə, belə iddialar insanlarda narahatlıq yaradır:
“Müasir dövrdə informasiya çoxluğu, xüsusilə də dramatik başlıqlar insan beynində təhlükə siqnalını tez aktivləşdirir. Bu tip açıqlamalar isə adətən elmi faktlara yox, şəxsi düşüncələrə söykənir və buna görə də geniş auditoriyada panikaya səbəb ola bilir. Ayhan Çakmurun dedikləri elmi baxımdan əsaslandırılmış proqnoz deyil. Bu, bir fərdin şəxsi fikridir və içində həm fantastika, həm də katastrofik düşüncə elementləri var. Meşə yanğınlarının bilərəkdən qlobal şəkildə oksigeni azaltmaq üçün törədildiyi, insanların kütləvi şəkildə məhv ediləcəyi və planetin robotlara təhvil veriləcəyi kimi iddialar real elmi sübutlara əsaslanmır. Bu, daha çox konspirasiya düşüncə tərzidir”.

Zeynəb Əyyubova
Psixoloq qeyd edib ki, konspirasiya proqnozlarının son illər artmasının bir neçə psixoloji səbəbi var:
“Birincisi, insanlar qeyri-müəyyənlikdən qorxur və mürəkkəb proseslər üçün sadə, emosional izahlar axtarırlar. İkincisi, sosial şəbəkələr sensasiyalı fikirləri daha sürətlə yayır və beləliklə, həqiqətdən daha çox qorxu yaradan məlumat diqqət çəkir. Reallıq payına gəlincə, bəşəriyyətin qarşılaşdığı problemlər, yəni iqlim dəyişməsi, texnologiyanın sürətli inkişafı, sosial dəyişikliklər əlbəttə ki, mövcuddur. Amma bu problemlər elmi institutlar, dövlətlər və beynəlxalq qurumlar tərəfindən araşdırılan, idarə olunan, təhlil edilən məsələlərdir. Psixoloji olaraq belə xəbərlərə tənqidi yanaşmaq vacibdir. Hər sensasiyalı iddianı həqiqət kimi qəbul etmək insanların düşüncə tərzinə, emosional durumuna və gələcək ümidlərinə zərər verə bilər. Ona görə də məlumatın mənbəsini, elmi əsasını və məqsədini anlamaq lazımdır”. Globalinfo.az

