Böyük Britaniyada Ledi Qaqa və Rihannanın da geyimlərini hazırlamış məşhur şotland modelyer Pamela Hogg 66 yaşında vəfat edib. Bu barədə The Rolling Stone məlumat yayıb.
Ailəsinin bildirdiyinə görə, dizayner Londonun Hekni rayonundakı Müqəddəs Cozef hospisində, yaxınlarının yanında dünyasını dəyişib. Onun ölümü ilə bağlı rok qrup Garbage-in solisti Şirli Menson da paylaşım edib:
“Bizim sevimli şotland moda kraliçamız. Hər şey üçün təşəkkürlər.”
Pamela Hogg Gözəl Sənətlər üzrə Glazqo İncəsənət Məktəbinin məzunu idi. 1981-ci ildə özünün ilk kolleksiyasını təqdim etmiş, sonrakı illərdə Kelli Minouqun “2 Hearts” klipinin kostyumlarını hazırlamış, Bjork, Naomi Kempbell və Klaudiya Şifferlə çalışmışdı.
2016-cı ildə BRIT Awards mükafatının heykəlciyini də məhz o dizayn etmişdi. Hogg həmçinin Doll adlı musiqi qrupunun qurucusu idi və 1993-cü ildə Blondie qrupunun ulduzu Debbi Harri üçün səhnə öncəsi performans göstərmişdi.

