Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da keçiriləcək görüşü hazırda diqqət mərkəzindədir. Rəsmi Bakı bütün kommunikasiyaların açılmasını və regionda dayanıqlı sabitliyin təmin olunmasını əsas tələb kimi irəli sürür. Lakin bu prosesin siyasi və hüquqi əsasları tam dəqiqləşmədən praktiki irəliləyişin baş verməsi real görünmür.
Ermənistanın zaman-zaman dəyişkən mövqe nümayiş etdirməsi və geosiyasi manevrləri danışıqların gedişatına əlavə çətinliklər yaradır. Bu baxımdan, sülh sazişinin taleyi tərəflərin strateji sabitlik və qarşılıqlı etimad naminə hansı güzəştlərə hazır olacağı ilə bilavasitə bağlıdır.
Denmedia.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, ABŞ -da keçiriləcək üçtərəfli danışılar sadə bir görüş deyil, liderlərin bir araya gəlməsi üçün mühüm platformadır:
“Şübhəsiz ki, əvvəldən razılaşdırılmış bir mətn olmasa, belə bir görüş baş tutmazdı. Mətn razılaşdırılana qədər müxtəlif mərhələlərdən, müzakirələrdən keçib və razılıq əldə edildikdən sonra liderlərin görüşündə masaya çıxarılır. Hazırda biz elə bir hadisəyə şahidlik edirik ki, bu, çox mühümdür. Hesab etmək olar ki, bütün bu proseslər öncədən razılaşdırılıb. Yəni kommunikasiyaların açılması və onun hüquqi rejimi də razılaşdırılıb. Əks təqdirdə, belə bir görüşün baş tutması mümkün olmazdı. Liderlərin bir araya gəlməsi nəyisə razılaşdırmaqdan çox, razılaşdırılmış məsələləri publik şəkildə təsdiqləmə mahiyyəti daşıyır.
Hikmət Babaoğlu
O ki qaldı mümkün çətinliklərə, bunlar bəllidir. Bəzi məsələlər var ki, onların həlli yalnız Azərbaycan və Ermənistan liderlərinin birbaşa görüşü ilə mümkündür. Kommunikasiyaların açılması məsələsi isə Əbu-Dabidə razılaşdırılıb. Ola bilsin, terminologiya ilə bağlı nələrsə yenidən müzakirə olunsun. Yəni bu, “dəhliz” yox, “yol” adlandırıla bilər. Amma kommunikasiyaların hüquqi rejimi ilə bağlı Bakı öz tələbindən geri çəkilməyəcək.”