Avqustun 4-də xəbər yayıldı ki, Prezident İlham Əlvə Eiyev rmənistanın Baş naziri Nikol Paşinyan arasında Ağ Evdə görüş baş tuta bilər. Bu, nə dərəcədə mümkündür?
Denmedia.az xəbər verir ki, Globalinfo.az Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında avqustun 8-də keçirilməsi gözlənilən görüşlə bağlı politoloq Elman Telmanoğludan müsahibə alıb:
– Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri və burada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş ehtimalı Cənubi Qafqazda yeni bir mərhələnin başlaya biləcəyinə işarədir. Bu cür yüksək səviyyəli diplomatik təmasın ABŞ-da keçirilməsi sadəcə rəmzi deyil, həm də siyasi cəhətdən vacib mesajlar verir.
Vaşinqtonun belə bir görüş üçün meydan seçilməsi, təkcə vasitəçilik təşəbbüsü deyil, eyni zamanda prosesə güclü beynəlxalq dəstəyin verilməsi mənasına gəlir. ABŞ-ın bu prosesi öz nəzarəti altında aparmağa çalışması, həm Ermənistanı, həm də Azərbaycanı diplomatik cəhətdən balanslaşdırmaq məqsədi güdür.
– Azərbaycan lideri Vaşinqtona gedir və orada Paşinyanla görüşməyə razılıq verirsə, bu, Azərbaycanın şərtlərinin həm Ermənistan, həm də Birləşmiş Ştatlar tərəfindən tam qəbul edildiyi mənasına gəlir?
– Rəsmi Bakı uzun müddətdir sülh sazişinin imzalanması üçün bir neçə əsas prinsip irəli sürüb – qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası, hərbi və siyasi iddialardan imtina və s. Əgər görüş baş tutarsa, bu, həmin prinsiplərin ən azı baza olaraq qəbul edildiyinə işarədir. Eyni zamanda, Ermənistanın və vasitəçi rolundan çıxış edən ABŞ-ın bu şərtlərlə razılaşdığını düşünmək məntiqlidir.
Elman Telmanoğlu
– Maraqlıdır, bu görüş nə ilə yekunlaşacaq? Sülh sazişi və ya çərçivə sənədinin imzalanması mümkündürmü?
– Görüşün yekun nəticəsi birbaşa tərəflərin hazırkı siyasi iradəsindən və texniki hazırlıq səviyyəsindən asılı olacaq. Əgər sənəd imzalanarsa, bu, daha çox çərçivə sazişi, yəni əsas prinsipləri əks etdirən ilkin razılaşma ola bilər. Həmin sənəd sülh müqaviləsinə gedən yolda əsas baza rolunu oynayacaq. Belə bir sazişin imzalanması mühüm dönüş nöqtəsi sayılır.
Nəticədə yeni bir dövrün başlaması siyasi üfüqdən görünməyə başlayır. Vaşinqton görüşü ətrafında yaşanan dinamika göstərir ki, tərəflər arasında münasibətlərdə müəyyən irəliləyiş baş verib. Lakin uzunmüddətli sülh üçün hələ çoxlu texniki, siyasi və ictimai maneələrin aşılması vacibdir. Ona görə də, bu mərhələni “yeni ümidlərin pərvərişi dövrü” kimi xarakterizə etmək daha doğru olardı.