Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün keçirilən mətbuat konfransında Azərbaycanla sülh prosesi və münasibətlərin normallaşması ilə bağlı sualları cavablandırıb. Paşinyan sülh sazişinin imzalanmadan əvvəl paraflanmasının vacibliyini vurğulayıb və bunu gələn ilin parlament seçkilərinə qədər reallaşdırmaq niyyətində olduğunu bildirib.
Baş nazir həmçinin Rusiya ilə əlaqələrin soyuması və müşahidə olunan gərginlikdən də söz açıb. O, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyə hazır olduğunu söyləyib. Türkiyəyə səfərini də şərh edən Paşinyan, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşünü yüksək qiymətləndirdiyini və bir çox vacib mövzusunun müzakirə edildiyini bildirib.
Baş nazirin siyasi karyerası Bakı və Ankara ilə münasibətlərdə planlarını reallaşdırmağa çatacaqmı? Paşinyanın Əbu-Dabi görüşü və Türkiyəyə səfərindən sonra səsləndirdiyi bəyanatlar necə dəyərləndirilməlidir?
Den.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Paşinyanın mesajları sülhün və sabitliyin tərəfdarı olduğu imicini gücləndirmək məqsədi daşısa da, bu ritorikanın həm daxili, həm də regional geosiyasi ziddiyyətlər fonunda reallaşması ciddi suallar doğurur:
“Paşinyan sülh müqaviləsi, sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizi ilə bağlı çağırışlara müsbət siqnallar versə də, bunun ardınca hansı real addımların atılacağı hələlik qeyri-müəyyəndir. Maraqlı məqamlardan biri, baş nazirin Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində daha açıq yanaşma sərgiləməsidir. Lakin bu çağırışların gerçəkləşməsi təkcə Paşinyanın siyasi iradəsinə deyil, Ermənistan daxilindəki mövcud güc balansına və xarici təsirlərin dinamikasına bağlıdır. Paşinyanın komandası hələlik parlament çoxluğuna sahib olsa da, daxildəki narazılıq artmaqda, revanşist müxalifət və kilsə ilə qarşıdurma dərinləşməkdədir.
Bütün bu təzyiqlərə baxmayaraq, bu gün Ermənistanda sülhü təşviq edən yeganə siyasi qütbün lideri də məhz odur. Lakin sülh gündəmini reallaşdırması üçün vaxt məhduddur. Qarşıdan gələn 2026-cı il parlament seçkiləri bu baxımdan həlledici mərhələ olacaq. Əgər Paşinyan yaxın bir ildə sülh sazişi imzalamağa nail olsa, Türkiyə ilə münasibətlərin əsasını formalaşdıra və daxili sabitliyi müəyyən qədər qoruyub saxlaya bilsə, o zaman seçkilərdə siyasi üstünlüyünü təmin etmə ehtimalı artacaq. Əks halda, həm radikal müxalifət, həm də yeni siyasi təşəbbüslər onun sülh siyasətini zəiflədə və hakimiyyət balansını dəyişə bilər”.
Elçin Mirzəbəyli
Deputat qeyd edib ki, hazırda Ermənistanda yeni siyasi qüvvələrin meydana çıxması da ehtimallar daxilindədir:
“Bu qüvvələr Paşinyana ideoloji baxımdan yaxın olsalar da, onun siyasətindəki lənglik və konsensus çatışmazlığını tənqid edirlər. Mövcud mənzərənin arxasında isə zəifləmiş Rusiyanın təsiri fonunda yaranan geosiyasi boşluq dayanır. Moskva artıq İrəvanın daxili siyasətinə əvvəlki kimi tam nəzarət edə bilmir. Ukraynadakı müharibə və beynəlxalq təcrid Kremlin təsir imkanlarını daraldıb. Bu isə bir tərəfdən Paşinyana müəyyən dərəcədə manevr azadlığı versə də, digər tərəfdən, Rusiyayönlü dairələrin daha sərt və emosional şəkildə səhnəyə çıxmasına səbəb olur. Kilsənin, mühafizəkar dairələrin və revanşist qrupların koordinasiyalı təzyiqi hakimiyyət dəyişikliyinə gətirib çıxarmasa da belə, Paşinyanın imkanlarını məhdudlaşdıra bilər.
Nəticə etibarilə, Ermənistanın baş naziri hazırda həm daxili, həm də xarici rəqibləri ilə açıq və gizli qarşıdurma vəziyyətindədir. Onun Azərbaycanla sülh sazişi imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusu real siyasi və geosiyasi baryerlərlə üz-üzədir. 2026-cı ildə keçiriləcək seçkilər Ermənistan cəmiyyətinin hansı yolla irəliləmək istədiyini müəyyən edəcək: ya keçmişin revanşizmi və təcridi, ya da regional sülh və modernləşmə. Paşinyanın bu yolda nə qədər irəliləyə biləcəyini isə zaman göstərəcək”.