Ermənistan və Azərbaycan nümayəndə heyətləri dövlət sərhədində qarşılıqlı səfərlər həyata keçiriblər. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin sərhədyanı bölgələrə, əsasən Sünik vilayəti (Zəngəzur bölgəsi – red.) və Zəngilan rayonuna səfərləri olub. Səfərlər zamanı bir sıra istiqamətlərdə müşahidələr aparılıb və nümayəndə heyətlərinin müzakirəsi baş tutub.
Politoloq Turan Rzayev DenMedia.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin sərhədyanı bölgələrə qarşılıqlı səfərləri mühüm hadisədir. İstisna deyil ki, tərəflər bir müddətdir bənzər addımlar atıb. Sadəcə sülhün qalıcı olması, kənar müdaxilə ehtimalları və təxribat cəhdlərini nəzərə alaraq “səssiz diplomatiya”ya üstünlük verirlər. Baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin Zəngilan və Sünik bölgələrində apardıqları müşahidələr və müzakirələr sadəcə texniki xarakter daşımır. Bu, əslində postmünaqişə dövrünün reallıqları fonunda formalaşan praktik sülhün təməlidir. Məkan təsadüfi seçilməyib: Sünik (Zəngəzur) və Zəngilan həm SSRİ dövründə tərəflər arasında mühüm təmas və hərəkət nöqtəsi olub, həm də bu gün maneəsiz hərəkət prinsipinin təmin edilməsi baxımından vacib nöqtədir. Başqa cür desək, bu ərazi gələcəkdə kommunikasiya xətlərinin açılması, nəqliyyat əlaqələrinin bərpası baxımından stratejidir.
Bu bölgələrdə həyata keçirilən səfərlər və müşahidələr, həm də danışıqlar masasının reallıqlarla uyğunlaşdırılması, yəni kağız üzərindəki xəritələrin yerində təsdiqi anlamına gəlir. Hər iki tərəf üçün bu, təkcə coğrafi koordinatların dəqiqləşdirilməsi deyil, həm də sülhə gedən yolun necə görünəcəyini bərabər şəkildə anlamaq və qəbul etmək cəhdidir.Burada digər diqqətçəkən məqam da odur ki, bu qarşılıqlı səfərlər hərbi müşayiətsiz, diplomatik çərçivədə və qarşılıqlı razılıqla həyata keçirilib. Bu isə onu göstərir ki, hər iki paytaxt – Bakı və İrəvan prosesə konstruktiv və inam əsaslı baxır.
Prinsipcə tərəflər artıq reallığı qəbul edir. Bu səfərlər həmin reallığın qarşılıqlı tanınması və hüquqi rəsmiləşmənin icrası baxımından mühümdür. Təbii ki, prosesin arxasında dayanan geosiyasi amilləri də nəzərdən qaçırmaq olmaz. Regionda dəyişən qüvvələr balansı, beynəlxalq oyunçuların (xüsusilə də Avropa İttifaqı və ABŞ-ın) artan marağı və Rusiyanın nisbətən passiv mövqeyi tərəfləri daha çox birbaşa dialoqa təşviq edir. Bu kontekstdə sərhədyanı səfərlər artıq vasitəçilərlə deyil, birbaşa, ikitərəfli siyasi iradə ilə formalaşan sülh modelinin konturlarını göstərir.
Ellada Rəsul
DenMEdia.az