Yay aylarında SPF tərkibli kremlərdən istifadə etmək vacibdir. Bunu “Radio 1”ə həkim-dermatoveneroloq Anastasiya Razbejkina bildirib.
Onun sözlərinə görə, günəşdən qoruyucu krem həm böyüklər, həm də uşaqlar üçün mütləqdir. Uşaqlar günəş altında birinci, bəzən isə ikinci dərəcəli günəş yanığı ala bilərlər.
Həkim qeyd edib ki, uşaqlar üçün SPF-kremlər yalnız fiziki filtrlərlə — sink oksid və titan dioksid tərkibli olmalıdır. Çünki kimyəvi komponentlər allergiya və qıcıqlanma yarada bilər.
Razbejkinanın sözlərinə görə, uşaq dərisinin qoruyucu mexanizmləri tam formalaşmadığı üçün günəşdən müdafiə xüsusilə vacibdir. Böyüklərdə isə SPF dərinin keyfiyyətini qorumağa və onkoloji riskləri azaltmağa kömək edir.

