Azərbaycan vətəndaşı, keçmiş gimnast Zeynəb Cavadlı keçmiş həyat yoldaşı, Dubay əmiri ailəsinin üzvü Şeyx Səid bin Məktum bin Raşid əl-Məktumun şikayəti əsasında saxlanılıb.
Bu barədə BBC məlumat yayıb. Məlumatı Dubay Baş Prokurorluğu təsdiqləyib.
Keçmiş həyat yoldaşının iddiasına görə, Zeynəb Cavadlı məhkəmə qərarı ilə nəzərdə tutulan görüş zamanı uşaqları aparıb. Dubay Prokurorluğu bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.
Bir neçə gün əvvəl Zeynəb Cavadlının üç qızı ilə birlikdə gecə saatlarında Dubay polisi tərəfindən zorla aparıldığı barədə məlumatlar yayılmışdı. İdmançının maraqlarını təmsil edən britaniyalı vəkil Devid Heyq hadisədən sonra müdafiə etdiyi şəxslə əlaqənin tamamilə kəsildiyini bildirmişdi.
Bundan başqa, Zeynəb Cavadlının qızına dəstək olmaq üçün Dubaya gələn anasının evə daxil olmasına icazə verilmədiyi də qeyd olunur.

