Mərakeşdə ayın əvvəlində keçirilən hərbi təlimlər zamanı itkin düşən iki ABŞ hərbçisindən birinin meyiti tapılıb.
Bu barədə "Hespress" portalı məlumat yayıb.
Məlumata görə, amerikalı hərbçinin cəsədi mayın 9-u səhər saatlarında aşkarlanıb.
Qalıqların çıxarılması əməliyyatında ABŞ və Mərakeş qüvvələri iştirak edib.
Bildirilib ki, baş leytenantın meyiti Gelmim şəhərindəki xəstəxanaya aparılıb və morqa yerləşdirilib.
Daha sonra onun cəsədi vətəninə göndəriləcək.
Portal qeyd edir ki, ikinci ABŞ hərbçisinin axtarışları davam edir.
Xatırladaq ki, mayın 2-də Mərakeşdə keçirilən “African Lion” hərbi təlimləri zamanı iki amerikalı əsgər itkin düşmüşdü.
Onlar ölkənin cənub-qərbində yerləşən Tan-Tan şəhəri yaxınlığındakı Kap-Draa təlim zonasında yoxa çıxıblar.
Mənbələrin sözlərinə görə, hadisənin terrorla əlaqəsi yoxdur və ehtimal olunur ki, bu, bədbəxt hadisə olub.

