“Hizbullah” İsrailin maraqlarına xidmət etdiyini və Livanın mövcudluğunu təhlükə altına aldığını bildirdiyi “saxta atəşkəs”i rədd etdiyini açıqlayıb.
Təşkilatın Telegram kanalında yayılan bəyanatda qeyd olunub ki, ölkənin suverenliyi yalnız İsrail təcavüzünün dayandırılması və qoşunların işğal olunmuş ərazilərdən çıxarılması ilə bərpa oluna bilər.
“İslam Müqaviməti İsrailin maraqlarına xidmət edən və Livanın mövcudluğunu təhlükə altına alan saxta atəşkəsi rədd edir. Livanlılar arasında parçalanmanı alovlandıran Vaşinqtondakı birbaşa danışıqların davamını absurd, alçaldıcı və utancverici hesab edirik”, deyə bəyanatda bildirilib.
Qeyd edək ki, 3 iyunda ABŞ-ın vasitəçiliyi ilə keçirilən Livan-İsrail danışıqlarının üçüncü raundu başa çatıb.
Danışıqların nəticələrinə əsasən, tərəflər atəşkəs rejiminin icrası şərtləri barədə razılığa gəliblər. Bu şərtlər “Hizbullah” tərəfindən atəşin tam dayandırılmasını və təşkilatın bütün döyüşçülərinin Litani çayının cənubundakı sektordan çıxarılmasını nəzərdə tutur.

