ABŞ prezidenti Donald Tramp 2026-cı ilin yayında Ultimate Fighting Championship (UFC) turnirinin Ağ Ev ərazisində keçirilməsinə dair hazırlıqların detallarını açıqlayıb. Trampın sözlərini Fox News yayıb.
Prezident bildirib ki, tədbir ABŞ-ın 250 illik yubileyi çərçivəsində təşkil olunacaq və miqyası “indiyədək görünməmiş” olacaq:
“Həqiqətən inanılmaz bir şey edəcəyik. UFC Ağ Evə gəlir və onlar sözün əsl mənasında stadion qururlar. 100 mindən çox tamaşaçı gözlənilir”, — deyə Tramp vurğulayıb.
Tramp daha əvvəl, 4 iyulda Ayova ştatında keçirilən mitinqdə Ağ Evdə UFC çempionluq döyüşünün baş tutacağını demişdi. Tədbirin America 250 — ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə planlaşdırılan geniş yubiley proqramına daxil ediləcəyi bildirilib.
UFC prezidenti Dana White 29 avqustda Trampın ideyasını reallaşdıracağını açıqlayıb. Oktyabrın 6-da isə Tramp turnirin 14 iyun 2026-cı il tarixində, Ağ Ev ərazisində keçiriləcəyini deyib. Qeyd olunur ki, həmin gün ABŞ prezidentinin 80 yaşı tamam olacaq.

