Haiti Futbol Federasiyası milli komandanın baş məşqçisi Sebastyan Minye ilə müqaviləyə xitam verib.
Bu barədə federasiyanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, tərəflər komandanın qrup mərhələsində keçirdiyi hər üç oyunda məğlub olmasından sonra yollarını ayırmaq barədə razılığa gəliblər.
Federasiya Haiti millisinin 2026-cı il dünya çempionatına vəsiqə qazanmasını tarixi nailiyyət adlandırıb.
“Haiti millisinin 2026-cı il dünya çempionatına tarixi vəsiqəsi ölkənin debütündən 52 il sonra yenidən futbolun ən nüfuzlu turnirinə qayıtmasına imkan verdi”, — açıqlamada qeyd olunub.
Haiti millisi turnirin qrup mərhələsində C qrupunu sonuncu pillədə başa vurub. Komanda Şotlandiyaya 0:1, Braziliyaya 0:3, Mərakeşə isə 2:4 hesabı ilə uduzub.
53 yaşlı fransalı mütəxəssis 2024-cü ildən Haiti millisinə rəhbərlik edib və komanda ilə 27 oyun keçirib.
Ölkədəki ağır vəziyyət və iğtişaşlar səbəbindən Minye fəaliyyəti dövründə bir dəfə də Haitiyə səfər etməyib. Milli komanda isə ev oyunlarını neytral stadionlarda keçirməyə məcbur olub.

