Braziliya millisinin futbolçusu Neymar dünya çempionatının qrup mərhələsinin ikinci turunda Haiti yığmasına qarşı oyunda meydana çıxmayacaq. Bu barədə jurnalist Raisa Simplisio sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumata görə, Neymar hələ də zədəsini tam sağaltmayıb. Bununla belə, futbolçunun bərpa prosesinin plan üzrə davam etdiyi bildirilir.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk turunda Braziliya millisi Mərakeş yığmasını məğlub edə bilməyib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matçın 21-ci dəqiqəsində Mərakeş millisinin futbolçusu İsmayıl Saybari hesabı açıb. 11 dəqiqə sonra isə Braziliya yığmasının heyətində Vinisius Junior fərqlənib.
Dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçirilir. Turnirin son qalibi Argentina millisidir. Argentina 2022-ci ilin finalında Fransa yığmasını məğlub edərək dünya çempionu olmuşdu.

