Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı iddialar gündəmi zəbt edib. Son günlər bəzi xəbər portalları və sosial şəbəkələrdə gedişhaqqının təxminən 1 manat olacağı bildirilir. Bu qərara təsir edən amillər arasında nəqliyyat xərclərinin artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması göstərilir.
Denmedia.az xəbər verir ki, Moderator.az-a danışan Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, mövzu çox aktualdır və ictimaiyyətin gündəmində geniş müzakirə olunur. Onun sözlərinə görə, bu məsələ neçə aspektdən şərh edilə bilər:
“Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılması barədə rəsmi qərar açıqlanmasa da, sosial şəbəkələrdə 1 manat səviyyəsində ola biləcəyi haqda iddialar iqtisadi reallıqlarla əlaqələndirilir.
Xərclərin artması baxımından yanacaq, elektrik enerjisi, ehtiyat hissələri və texniki xidmət qiymətləri son illərdə yüksəlib. Bu, həm avtobus parkına, həm də metro sisteminə əlavə maliyyə yükü yaradır.
Yeni avtobusların alınması, metro xətlərinin genişləndirilməsi və təmir xərcləri də artımı zəruri edən amillər sırasındadır.
Bir çox ölkələrdə inflyasiya və nəqliyyat xərclərinin artması fonunda oxşar addımlar atılır”.
İqtisadçı qeyd edib ki, gediş haqqı 1 manata yüksəlsə, bu, əhalinin gündəlik xərclərinə ciddi təsir göstərəcək:
“Aşağı və orta gəlirli ailələr ictimai nəqliyyatdan ən çox istifadə edən təbəqədir. Gündəlik 2-4 dəfə ictimai nəqliyyatdan istifadə edən bir vətəndaş üçün aylıq nəqliyyat xərci nəzərəçarpacaq dərəcədə artacaq.
Bahalaşma insanların ictimai nəqliyyatdan istifadəsini azalda, qeyri-rəsmi və qeyri-qanuni daşımaların (pirat taksi və s.) artmasına səbəb ola bilər.
Xüsusilə inflyasiya şəraitində belə bir qərar əhalidə narazılıq dalğası yarada bilər.
Dövlət qərar qəbul edərkən balansı qorumağa çalışır. Subsidiyaların artırılması, bəzi xərclərin dövlət büdcəsi hesabına qarşılanması ilə qiymət artımının qarşısı qismən alına bilər”.
İqtisadçı onu da əlavə edib ki, tələbə, təqaüdçü və aztəminatlı ailələr üçün güzəştli kartların tətbiqi sosial yükü azalda bilər:
“Marşrutların optimallaşdırılması, rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması qiymət artımını əsaslandıran amillərdən ola bilər.
Gediş haqqının artırılması iqtisadi əsaslara söykənsə də, sosial baxımdan həssas məsələdir. Əgər bu addım atılacaqsa, paralel olaraq aztəminatlı qruplar üçün kompensasiya mexanizmləri hazırlanmalıdır. Əks halda, ictimai nəqliyyatın əlçatanlığı azalacaq və sosial yük arta bilər.
Eyni zamanda, qiymət artınına 100%-lə gedilməsi praktikasına son qoyulmalıdır. Belə aqresiv artımlar adətən iqtisadiuyatın keçid dövrünə aid edilir. Sabit iqtisadiyyatda qitmət artılmarı 3-5% təşkil etməlidir”.