Yay mövsümünün başlamasıyla birlikdə Bakı ətrafı çimərliklərdə, xüsusən də Novxanı kimi məşhur dənizkənarı məkanlarda qiymət fərqləri yenidən gündəmə gəlib.
Den.az xəbər verir ki, həftəiçi ilə şənbə-bazar günləri arasında istirahət zonalarında qiymətlər bəzən 30-50% arasında dəyişir.
1. Novxanı və ətraf ərazilərdə yerləşən çimərlik komplekslərində giriş haqqı həftəiçi 5-10 manat arasında dəyişdiyi halda, həftəsonu bu rəqəm 15 manata qədər qalxa bilir. Eyni hal restoran və kafelərdə də müşahidə olunur — menyularda bəzi məhsulların qiyməti yalnız həftəsonu üçün daha yüksək göstərilir.
2. İaşə obyektləri qiymət fərqini əsasən bu arqumentlərlə əsaslandırır:
Müştəri axınının artması: Şənbə və bazar günləri dənizkənarına axın edən insanların sayı həftəiçinə nisbətən 3-4 dəfə artır. Həftəsonu əlavə işçi qüvvəsi tələb olunur, bu da xərcləri artırır. Tələbat çox olduqda qiymətlərin artırılması kommersiya baxımından normal hesab olunur.
3. Bəzi vətəndaşlar bu qiymət siyasətindən açıq şəkildə narazılıq edirlər. Sosial şəbəkələrdə istifadəçilər yazırlar ki, “Eyni kabab çərşənbə axşamı 12 manat, şənbə günü 18 manatdır. Hansı əsasla?”
“Ailəlikcə dənizə getmək artıq orta təbəqə üçün lüksə çevrilib.”
Ekspertlər bildirirlər ki, bu cür fərqli qiymət strategiyası turistlər üçün başadüşülən olsa da, yerli vətəndaşlar üçün narahatlıq doğurur və sosial bərabərsizliyi dərinləşdirə bilər.
Həftəsonları süni şəkildə qaldırılan qiymətlər istirahətə yollanan vətəndaşların ciddi narazılığına səbəb olur. Maraqlısı odur ki, bu artımların qarşısını almağa cavabdeh olan qurumların səsi-sorağı eşidilmir.
Bəs aidiyyəti qurumlar nəzarətdən niyə yayınır?
İstehlak bazarına nəzarət etməli olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, İqtisadiyyat Nazirliyi, eləcə də yerli icra strukturları qiymət manipulyasiyasına qarşı effektiv addımlar atmırlar. Nəticədə isə sahibkarlar şənbə-bazar günləri "həddən artıq tələbat" bəhanəsi ilə qiymətləri 30-50% arasında artırırlar. Bu cür fərqli qiymət siyasəti bazar iqtisadiyyatı şəraitində anlaşılan görünsə də, dövlətin müdaxiləsi lazımdır:
“Əgər süni qiymət artımı, kartel razılaşmaları və ya haqsız rəqabət müşahidə olunursa, bu artıq qanun pozuntusudur. Dövlət orqanları bu sahəyə nəzarəti artırmalıdır.”
Nizami Rəsulov
Den.az