İtaliyanın Lukka şəhər məhkəməsi çantasını oğurlayan kişini qəsdən öldürməkdə təqsirli bilinən sahibkar Çinziya Dal Pinonu 18 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Lapresse agentliyi məlumat yayıb.
Hadisə 2024-cü ilin sentyabrında baş verib. Bildirilir ki, Viarecodan olan 67 yaşlı çimərlik biznesi sahibəsi yolsuzluq avtomobili ilə çantasını oğurladığı iddia edilən Mərakeş əsilli evsiz kişini təqib edib və onu vurub. Daha sonra qadının avtomobillə zərərçəkənin üzərindən keçdiyi qeyd olunur.
Zərərçəkən əcnəbi daha sonra tibb müəssisəsində vəfat edib.
İttiham tərəfi qadına ən ağır cəzanın verilməsini istəyərək ömürlük həbs tələb edib. Müdafiə tərəfi isə hadisəni zəruri müdafiə həddinin aşılması kimi qiymətləndirərək ittiham maddəsinin yüngülləşdirilməsinə çalışıb.
Lakin məhkəmə qadının hərəkətlərinin şüurlu və məqsədli olduğu qənaətinə gəlib. İş üzrə əsas sübutlardan biri hadisədən dərhal sonra sürücünün davranışını əks etdirən müşahidə kameralarının görüntüləri olub.

