Honkonq məhkəməsi Apple Daily nəşrinin qurucusu, 78 yaşlı sahibkar Cimmi Lay barəsində 20 il həbs hökmü çıxarıb. Hökm 2020-ci ildə Pekin tərəfindən tətbiq edilən milli təhlükəsizlik qanununun pozulması işi üzrə verilib. Bu barədə AP məlumat yayıb.
Keçmiş media maqnatı xarici qüvvələrlə əlbir olaraq milli təhlükəsizliyi sarsıtmaqda, həmçinin təhrikedici materialların dərcinə dair sui-qəsddə ittiham olunub. Hökumət tərəfindən təsdiqlənmiş hakimlər Lay üçün bu maddələr üzrə maksimum cəza olan ömürlük həbsi tətbiq etməyiblər. Lakin yaşını nəzərə alsaq, 20 illik cəzanın faktiki olaraq ömürlük ola biləcəyi vurğulanır.
Onun əməkdaşları isə 6 il 3 aydan 10 ilə qədər azadlıqdan məhrum ediliblər. Sahibkarın müdafiə tərəfi hökmün apellyasiya ediləcəyini bildirib.
Qeyd edək ki, Cimmi Lay Çin siyasətinin açıq tənqidçisidir. O, 2020-ci ilin fevralında qanunsuz toplantılarda iştirak və təhdidlər ittihamı ilə saxlanılmış, daha sonra zaminə buraxılmışdı. Avqust 2020-ci ildə isə yenidən həbs olunub.

