Stresə adətən şübhə ilə yanaşırıq: ondan necə xilas olmaq, onu necə susdurmaq barədə yüzlərlə təlimat tapmaq mümkündür. Bəlkə onunla mübarizə aparmaq əvəzinə, onunla dostlaşmaq daha düzgündür?
İlk dəfə təsadüfən qaynar tavaya toxunanda stres yaşayırıq. Buz kimi soyuq suyun altına girəndə də eyni hiss yaranır. İlk öpüş, məktəbdə ilk gün, uşağın ilk qışqırığı — bunların hamısı stresdir. Hətta bu məqaləni yazmaq da stresdir, onu oxumaq da kimlər üçünsə belə ola bilər. Stresə çox vaxt düşmən kimi baxırıq, halbuki o, faydalı da ola bilər. Ən əsası isə — o, demək olar ki, bizi heç vaxt tərk etmir.
İndi gələk məsələnin özünə.
Stres bioloji baxımdan təhlükə siqnalıdır. Beyin “diqqət!” deyir və bədəni səfərbər edir. Adrenalin artır, ürək döyüntüsü sürətlənir, diqqət kəskinləşir. Bu mexanizm bizi min illər boyu qoruyub. Əcdadın qarşısına yırtıcı çıxanda onu xilas edən məhz bu reaksiya idi. Problem ondadır ki, bu gün “yırtıcı” çox vaxt imtahan, iş müsahibəsi, kredit ödənişi və ya sosial şəbəkədə gələn mesajdır.
Stresin iki üzü var. Birincisi — xroniki stres: uzunmüddətli, tükəndirici, sağlamlığı zəiflədən. İkincisi isə faydalı stresdir — buna elmdə “eustress” deyirlər. Bu, bizi hərəkətə gətirən, inkişaf etdirən, yeni bacarıqlar öyrənməyə məcbur edən gərginlikdir. İlk çıxışın həyəcanı, yeni işin məsuliyyəti, hətta aşiq olanda yaşanan daxili qarışıqlıq — bunlar böyümənin yan təsirləridir.
Məsələ stresdən qaçmaq deyil. O mümkün də deyil. Məsələ onu idarə etməyi öyrənməkdir. Bədən siqnal verir, sən onu düzgün oxumalısan. Bəzən nəfəs almağı yavaşlatmaq kifayətdir. Bəzən bədən hərəkət istəyir — gəzinti, idman, fiziki aktivlik. Bəzən isə sadəcə qəbul: “bəli, mən həyəcanlanıram, çünki bu mənim üçün önəmlidir”.
Stresin yoxluğu həyatın yoxluğu deməkdir. Tam sakit, tam sabit, heç bir gərginliksiz sistem — ya ölüdür, ya da dayanıb. İnsan isə hərəkətdə olan varlıqdır. Bir az gərginlik, bir az təzyiq — və biz formalaşırıq.
Stresi düşmən elan etmək asandır. Onu müəllim kimi görmək isə daha çətindir. Amma bəlkə də daha ağıllıdır.

