Qidalanma rejimi düşündüyümüzdən daha böyük rol oynayır — təkcə nə yediyimiz yox, nə vaxt yediyimiz də orqanizmin qocalma sürətinə təsir edir.
ABŞ-da aparılan NHANES araşdırmasının nəticələri göstərir ki, bioloji qocalma ən aşağı səviyyədə axşam yeməyini saat 21:00-dək tamamlayan insanlarda qeydə alınıb.
Tədqiqatçılar ən optimal vaxt aralıqlarını belə müəyyənləşdirib:
— 15:00–17:00 — ümumi sağlamlıq və ürək üçün
— 17:00–19:00 — qaraciyər üçün
Alimlər bildirir ki, bu fərqlər orqanların öz daxili bioloji ritmlərinə malik olduğunu göstərir.
Eyni zamanda, səhər yeməyinin gecikdirilməsi ciddi risk hesab olunur. Araşdırmaya görə, səhər yeməyini yalnız günortadan sonra yeyənlərdə bioloji qocalma riski 61% daha yüksəkdir. Erkən qidalanma isə insulin həssaslığını yaxşılaşdırır və qlükozanın səviyyəsini daha effektiv tənzimləyir.
Digər vacib nəticə — gündəlik qidalanma müddətidir. Əgər yemək qəbulu 16 saatdan çox davam edərsə, bu zaman:
— qocalma riski iki dəfədən çox artır
— xüsusilə ürək daha sürətlə yaşlanır

Yaş faktoru da həlledici rol oynayır. 40 yaşdan sonra qidalanma saatları ilə qocalma arasında əlaqə daha güclü olur. 40–60 yaş aralığında isə axşam yeməyini erkən bitirənlərdə risk 62% azalır. 60 yaşdan sonra isə böyrəklər qeyri-müntəzəm qidalanmaya daha həssas reaksiya verir.
Araşdırma həmçinin göstərir ki:
— kişilərdə ürək və qaraciyər daha çox təsirlənir
— qadınlarda isə uzun qidalanma intervalı və böyrəklər daha həssasdır
Alimlər vurğulayır ki, hətta sağlam və balanslı qidalanma belə səhv qidalanma saatlarını kompensasiya etmir. Xüsusilə gec səhər yeməyi və günün ikinci yarısında qəbul olunan kalorilər orqanizm üçün daha ağır metabolik yük yaradır.
Bununla belə qeyd olunur ki, tədqiqat müşahidə xarakterlidir və birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir.

